Real Time Marketing nədir?

Real Time Marketing (anlıq marketinq) gündəmlə bağlı markaların həyata keçirdiyi kontent marketinqidir.

Gündəmdə olan və istehlakçılar tərəfindən mənimsənilərək sürətli formada sosial şəbəkələrdə paylaşılan və müzakirə olunan mövzular Real Time Marketing (RTM) üçün zəmin yaradır. Markalar həmin mövzunu özləri ilə əlaqələndirərək fürsətə çevirir. Burada əsas məsələ mövzuya vaxtında reaksiya verməkdir. Bunun üçün, hətta, həmin gün paylaşım etmək də effektiv olmaya bilir, həmin saat, həmin anda kontenti təqdim etmək, gündəmə qoşulmaq lazımdır. Burada “Dünən dünən idi. Bu gün isə yeni bir gündür” siyasətinə əməl etmək lazımdır. Buna görə də dərhal, ağıllı, yumoristik dildə hadisəyə yanaşmalısınız. Xüsusilə, paylaşım sosial şəbəkələrdə olacaqsa, daha səmimi və əyləncəli dildə xitab etməlisiniz, belə olan halda daha çox diqqət cəlb edəcəksiniz. Nəzərə almaq lazımdır ki, hər hadisə və ya hər gündəm mövzu hər bir markanın RTM etməsi üçün uyğun olmaya bilər, yəni, hər mövzu sizin markaya uyğun gəlməyə bilər. RTM edərkən diqqətli olun və bunun sizin markaya nə qazandıracağını düşünün.

Məsələn, 2014-cü ilin Oscar mükafatlarının təqdimolunma mərasimində mükafat qazanan Gravity (Qravitasiya) filminə NASA RTM edib və filmdəki səhnələrin gerçəkdə necə göründüyünə dair bir foto paylaşıb və Mükafat mərasimi qədər müzakirəyə səbəb olub.