PR sənayesi günü-gündən böyüyür. Növbəti 5 ildə sənayenin daha da böyüyəcəyi proqnozlaşdırılır.
Sənin də arzuladığın iş PR sahəsindədirsə, eləcə işin çıxıb sənə gələcəyini gözləməli deyilsən. Buna görə atmalı olduğun bir neçə addım var.
LinkedIn profilini formalaşdır, səliqəyə sal və işlək halda saxla. Bu şəbəkə sənin istədiyin işi axtaracağın ilk platforma olmalıdır. LinkedIn-də PR sahəsinin mütəxəssisləri, bu sahədə uğurlara imza atmış şəxslərlə birbaşa əlaqə qura, onların da təcrübə və tövsiyələrindən yararlana bilərsən. Həmçinin, burada PR qruplara qoşula bilərsən. Sosial şəbəkələrdə izləməli olduğun bircə qayda var – Unutma ki, bura şəbəkədir. PR barədə daha çox məlumatlanmaq və iş imkanları axtarmaq istəyirsənsə, sən özün də PR haqqında biliklərini, münasib vakansiyaları və sahəyə aid məlumatları öz profilindən paylaşmalısan ki, digər insanlar sənə faydalı olduğu kimi sən də onlara faydalı olasan.
Twitter-dən də düzgün istifadə etməyə başla. Əlbəttə, bütün günü bu şəbəkəni izləyə bilməyəcəksən, ona görə də izlədiyin profilləri öz sahənə yönəlt. Yəni, bu gündən iş elanlar paylaşan hesabları, PR şirkətlərin hesablarını, PR mütəxəssislərin hesablarını izləməyə başla. Gündə bir-iki dəfə bura göz atsan, arzuladığınız vakansiya ilə qarşılaşa bilərsən.
Nəhayət iş imkanı tapmısansa, səni müsahibə edəcək şirkət barədə ətraflı məlumat topla – Şirkətin PR meneceri kimdir, HR vəzifəsini kim icra edir, PR şöbəsinin müdiri kimdir, şirkətdə media əlaqələri ilə kim işləyir? Bu kəslərdən kimin səni işə götürmək səlahiyyətində olduğunu təyin et və həmin şəxsə birbaşa öz CV-ni və maraq məktubunu göndər. Burada diqqət etməli olduğun məqam odur ki, gərək özünü stalker kimi aparmayasan və spam məktub göndərməyəsən.