Off the record media sahəsində istifadə olunan anlayış və üsuldur. Müsahibiniz müsahibə vaxtı hər hansı məlumatı müsahibədən kənar dediyini vurğulayırsa, həmin məlumatı müsahibinizin adından yayımlaya bilməzsiniz. Çünki o, Off the record-dan (qeyddən kənar) istifadə edib. Off the record ifadəsi altında (bizim ölkədə bu ifadə daha çox “bunu sənə dost kimi deyirəm”, “bunu sənə deyirəm, amma mənim adım olmasın” və sair kimi ifadələrlə əvəzlənir) söylənilən istənilən məlumat sizin üçün nə qədər vacib olsa da, bunu yayımlaya bilməzsiniz. Əvəzində, siz həmin mövzuda müsahibinizi gizli saxlayır və digər mənbələrdən həmin məlumatın təsdiqini axtarmağa başlayırsınız. Əks halda, siz Off the record-u gözardı edib, məlumatı elə birinci müsahibinizin adından təqdim etsəniz, həmin şəxs bir də sizə müsahibə verməyəcək. Hətta, öz çevrəsində olan vacib şəxslərə də sizin Off the record qaydasını pozduğunuzu söyləyəcək və siz bir deyil, bir neçə önəmli müsahibinizi itirəcəksiniz. Bu həm də peşə baxımından etik sayılmır.
Bəzən isə elə olur ki, Off the record məlumatı ötürən insan, samballı mənbə olur. Siz də bilirsiniz ki, bu insandan başqa heç kəsin sözü ilə həmin məlumatı təsdiqləmək alınmayacaq, kefiniz pozula bilər, işiniz çətinə düşəcək, lakin siz yenə də Off the record-u qoruyacaqsınız.
Diqqət! Diqqət!
Bəzən siz müsahibəyə başlayırsınız, hətta uzun müddət müsahibinizlə söhbətləşirsiniz. O isə sonda müsahibəyə başladığınızdan xəbərsiz olduğunu və bayaqdan dediklərini yayımlamamağı sizə tapşırır. Buna görə də, hər dəfə birinci sualınızı ünvanlamazdan əvvəl, mütləq qeyd etməlisiniz ki, müsahibəyə başlayırsınız, səs yazma cihazınızı işə salırsınız, kamera çəkilişinə start verirsiniz. Bir sözlə, qarşınızdakını müsahibənin başladığına dair yaxşıca məlumatlandırırsınız, o etiraz etmirsə, müsahibəyə başlayırsınız. Yoxsa, söhbət əsnasında müsahibənin uzandığını və artıq onu çətinə salacaq yerə çatdığını görən müsahib, “heç birini yayımlamayın” yaxud “mən müsahibəyə başladığınızdan xəbərsizdim” deyə bilər. Elə ona görə də müsahibənin başladığını qarşı tərəf bilməli və hər hansı off the record məlumat ötürəcəksə, əvvəlcədən bu barədə məlumat verməlidir. Yəni, off the record sözü yaxşı olar ki, məlumatdan əvvəl işlədilsin.
İstənilən halda, müsahibə zamanı diqqətli olmalı, müsahibinizi incitməməli və onun özünə qapanmasına səbəb olmamalısınız, sizin vəzifəniz müsahibinizi daha çox danışdırmaq, daha çox məlumat almaqdır.