Marketinqdə “Sosial sübut” 

Tutaq ki, siz yeni məhsul/xidmət almaq istəyirsiniz. Artıq müxtəlif vebsaytlara baxmısınız, siyahıdakı məhsul məlumatlarını oxumusunuz və büdcənizə uyğun gələn, istədiyiniz  xüsusiyyətlərə malik olanı tapmısınız. Amma məhsulu/xidməti almaq qərarına gəldikdə rəylərdə 10 ulduzdan cəmi 4 ulduz olduğunu görürsünüz.
Əlbəttə həmin anda məhsula/xidmətə baxışınız dəyişir. Bir neçə dəqiqə öncə almaq istədiyiniz məhsulun/xidmətin mükəmməl olduğunu düşünürdünüz, lakin indi tərəddüd edir, son qərarı verməzdən əvvəl daha çox araşdırma etmək istəyirsiniz. Beləliklə fikriniz qarışır, qərar verə bilmirsiniz.
Əsasən, qərar verməkdə çətinlik çəkdiyiniz hallarda qərarlarınızı digər insanların fikir və rəylərinə əsasən qəbul edirsiniz. Buna elmi dildə  “Sosial sübut”, digər adıyla “Sosial isbat” deyilir.
“Sosial sübüt” nədir?
“Sosial sübut” bilmədiyiniz bir sahədən, ilk dəfə satın alacağınız məhsulu/xidməti seçərkən digərlərinin təcrübələrindən referans aldığınız haldır.
“Sosial sübut” demək olar ki, ilkin və effektiv marketinq strategiyalarından biridir. Xüsusilə, e-ticarətin aktiv olduğu bu dövrdə insanlar nə isə əldə etmək üçün əvvəlcədən məhsula/xidmətə göndərilən və ya yazılan rəylərə diqqət yetirirlər. Bu rəylər isə fərqli mövqelərdən gələ bilir.
Bura aşağıdakılar aid ola bilər:
– Məhsul istifadəçilərinin referansları.
– Sosial media paylaşımları.
– İnfluencer və mütəxəssis tövsiyələri.
– Yaxın ətrafınız, dostlarınız və ailəniz.