Kommunikasiyada diqqət problemi

Düzgün kommunikasiyanın ilk şərtlərindən biri diqqəti cəmləmək və auditoriyaya səlis informasiya ötürməkdir. Lakin, bu gün bir neçə səbəbdən formalaşan diqqət dağınıqlığı nitqə təsir göstərir, səslənən fikirlər bəzən anlaşılmaz olur.

Diqqəti zəiflədən əsas səbəb isə informasiya bolluğudur. Həddən artıq informasiya axınına məruz qalan insan məlumatları bir neçə kanaldan qəbul etməyə çalışır, elə bu vaxt da diqqət dağılır. Siz də iclasda iştirak edərkən, həm də elektron poçtunuza gələn məktubları cavablayırsınızsa, televizor izləyərkən, həm də kompüterinizə baxırsınızsa, həm yazı yazıb, həm də kiminləsə söhbətləşirsinizsə, deməli, sizdə də diqqət zəifliyi var. Eyni vaxtda bir neçə iş görə bilmək hazırda Multi-tasking adlansa da, bu diqqəti toplamaq baxımından düşünüldüyü qədər yaxşı bacarıq deyil. Birdən çox işi görmək həm də stressə səbəb olur. Yarım qalan işlər yenidən onlara qayıtmağı tələb edir, bu isə özündə əlavə güc, əzm istəyir.

Narkotik vasitələrin təsiri altında insanlar gündəlik işlərini görməyə çətinlik çəkirlər, onların diqqəti yayınır. London Universitetinin psixologiya professorlarından biri Dr Glenn Wilson araşdırmasında göstərib ki, eyni zamanda bir neçə iş görən insanlarda zəka zəifliyi narkotikin təsirindən iki dəfə çoxdur.

Daha məhsuldar və sağlam işləmək üçün yalnız bir işlə məşğul olmaq, bir işi bitirib, daha sonra digərinə keçmək lazımdır.