Marka adlarını niyə ingilis dilində seçirik?

Marketinq nəzəriyyəsinin əsasını qoyanlardan biri Jack Trout yazır ki, şirkətin ən önəmli satış qərarı marka adını seçməsidir.

Adlar önəmlidir, adlar markalaşdıqdan sonra digər məhsullara nisbətən daha çox inam qazanır və satılır. Necə deyərlər, məhşurluğun cazibəsi var.  Hazırda parfüm, kosmetika və moda ilə əlaqəli markalara fransızca, texnika üçün almanca, qalan əksər məhsul və xidmətlər üçün isə ingiliscə adlar seçilir.  Məsələn, çox sayda tikinti layihələrinin adında “tower”, “plaza”, “residence” kimi sözləri görürük. Adın ingiliscə seçilməsinin əsas səbəbi keyfiyyətli görünmək, qərb markalarına oxşamaq cəhdidir.

Lakin, ad seçimində xüsusi diqqətli olmaq lazımdır. Yaxşı seçilmiş ad məhsulu heç də yaxşı etmir.  Keyfiyyət, məsuliyyət, müştəri ilə davranış və digər bir çox məqam markalaşmağa aparan yoldur. Müştəriyə vəd ediləni yerinə yetirməyən heç bir şirkət, məhsul və ya xidmət markaya çevrilə bilməz. Marka olmaq üçün doğru ad seçimi ilə yanaşı, bir çox doğrunu eyni zamanda yerinə yetirmək lazımdır. Məsələyə belə baxanda marka adının hansı dildə olmasının heç bir önəmi yoxdur, əsas o adın altında təqdim olunanın necə olmasıdır.

Geniş distributor şəbəkəsi, düzgün hesablanmış qiyməti, geniş auditoriyada tanınan yaxşı məhsul – adının nə olmağından asılı olmadan – uğur qazanacaq.