COVID-19 pandemiyasına görə gündəlik həyat tərzimiz artıq dəyişib. Kütləvi tədbirlər, əyləncələr, yığıncaqlar təxirə salınır, onlayn fəaliyyətlər günü-gündən artır. Buna baxmayaraq, bir çox şirkət təhlükəsizlik tədbirləri çərçivəsində insanların bir yerə toplaşmasının tərəfdarıdır. Bu işdə avtomobillər köməyə gəlir.
Məsələn, HBOMax şirkəti yeni filmi Unpregnant-ın qala gecəsini açıq havada təşkil edib. Tədbirə 100 avtomobil buraxılıb. Tamaşaçılar və yaradıcı heyət filmi şəxsi avtomobillərindən izləyiblər. Açıq kinoteatr və avtomobillə film seansları əvvəlki illərdə aktiv fəaliyyət olsa da, son dövrlərdə arxa plana keçmişdi. Lakin, pandemiya bu unudulan ənənəni yenidən canlandırıb.
Pazarlamasyon.com xəbər verir ki, bitki tərkibli qidaların satışı ilə məşğul olan İmpossible Foods yeni müştərilər qazanmaq və əvvəlki müştərilərlə əlaqəni itirməmək üçün pandemiya dövründə avtomobilləri ödənişsiz yuma aksiyasını həyata keçirib. Avtomobilləri yuyulduqdan sonra müştərilərə ətsiz burger və evdə hazırlana biləcək yeməklərin reseptləri olan kartlar təqdim olunub.