Marka konsultantı Temel Aksoy marka yaratmaq və marka olmaq barəsində yazdığı bloqla bunlar arasında fərqi izah edir.
Marka yaratmaq sahibkarın təşəbbüsü ilə olur. Marka olmaq kütlənin gözündə tanınan və əlçatan olmaq deməkdir. Bir marka insanların həyatına daxil olaraq “brend”ə çevrilir. Bu marka menecment ofisində yaradılır. İlk olaraq sahibkar markaya ad verir. Markanın adı son dərəcə əhəmiyyətlidir. Sahibkar markanın adını müəyyən etdikdən sonra markanın rəngi, emblemi, loqosu ilə bağlı qərar qəbul edir. Bir sözlə, marka üçün şəxsiyyət yaradır. Sahibkarın bu mərhələdə diqqət etməli olduğu ən vacib məsələ markanı “həmyaşıdlarından” fərqləndirməkdir.
Markanı rəqiblərindən fərqləndirən elementlər aşağıdakılardır:
- adı,
- loqo və emblemi,
- rəngləri,
- hekayəsi,
- ikonaları, maskotu,
- şüarı,
- musiqisi.
Rəqiblər markanın məhsul və xidmət xüsusiyyətlərini təqlid etsələr də, bu nişanları təqlid edə bilməzlər. Əgər marka bu nişanları daim və ardıcıl olaraq öz hədəf auditoriyasına çatdırmağa müvəffəq olarsa, insanlar bu markanı ehtiyac duyulan vaxtlarda xatırlayacaq. Çünki markalar insan yaddaşında qısa müddətli qalır. Lazım olanda insanlar bu markaları xatırlayaraq öz ehtiyaclarını ödəyirlər. Şirkətin markanı yaratması marka olmaq üçün yetərli deyil. Marka olmaq üçün o, insanlar tərəfindən tanınmalı və satış nöqtələrində (o cümlədən internetdə) əlçatan olmalıdır. Marka şirkət xaricində, yəni bazarda formalaşır. Markanın tanınması üçün isə şirkət mütəmadi olaraq reklam etməli və daim insanların yaddaşını təzələməlidir. Sadəcə tanınmaq kifayət deyil. Alış-verişə çıxan insanlar markanı tapmalı və markanı asanlıqla əldə edə bilməlidirlər. Bunun üçün şirkət satdığı məhsul və xidmətləri bütün satış nöqtələrində paylamaq qabiliyyətini nümayiş etdirməlidir. Marka hər zaman həm fiziki, həm də onlayn satış kanallarında insanların xidmətində olmalıdır. Nəticədə, tanınmaq, əlçatan olmaq və aydın olmaq kimi üç sadə anlayış əslində çətin məqsədlərdir. Bu məqsədlərə nail olmaq üçün səy, zaman və pul tələb olunur. Əgər asan olsaydı, hər bir şirkət bir marka yaratmağı bacarardı. Sahibkar marketinqi “imkanlar dünyasının idarə edilməsi” kimi qəbul etməlidir. Hər məhsul kateqoriyasında, hər gün milyonlarla insan çoxlu sayda markanın yarışdığı bir mühitdə ağlına gələn markalardan birini alır. Bu proses, öz təbiətinə görə imkanlarla doludur. Belə düşünək, bir insanın məhsula ehtiyacı var, bir çox markalar arasında bir markanı xatırlayır, həmin markanın satış nöqtəsində alıcının istədiyi ölçü, rəng və forma ehtimalları mövcud olmalıdır. Əgər bütün bu ehtimallar markanın xeyrinə işləsə, həmin marka satılacaq.