İctimaiyyətlə əlaqələr (PR) işi, əslində, kənardan çox sadə görünür. Düşünürlər ki, burada çətin nə var?! PR menecer Media üçün açıqlama yazır, iki-üç görüş keçirir və buna bənzər bir neçə sadə iş görür. Bunu etməyə nə var axı?!
Elə bu yanaşma ilə də sözü gedən sahəyə axının olduğunu, əksəriyyətin bu düşüncəyə əsaslanıb illərin mütəxəssisinə çevrildiyini görürük. Təbii, onlardan “Son qazdıqları quyunun dərinliyi”ni soruşsaq, böyük əksəriyyətin cavabı sitat gətirdiyim filmdəkindən heç də fərqli olmayacaq, amma məsələmiz bu deyil.
Bu yazıda kimisə tənqid etmək niyyətim də yoxdur, məqsəd, sadəcə, işimizdə vacib bir neçə elementə daha diqqətlə yanaşmaqdır.
Son günlərdə COVİD 19 virusunun ölkəmizdən də yan keçməməsi böhran menecmenti addımları ilə yanaşı, PR və böhran kommunikasiyası startegiyasını da işə salmalı idi. Sözü gedən prosesdə böhran menecmenti addımlarının elə dövlətin özü tərəfindən atılmış olduğunu görürük. Operativ qərargah yaradılıb. Dövlət bir-birinin ardınca müxtəlif qərarlar verir, məhdudlaşmalar tətbiq edir, maarifləndirmə üçün vacib göstərişlər verir və s. Bəs böhran kommunikasiyasını da görürükmü? Təbii, müəyyən kommunikasiya görürük, amma vahid mərkəzdən idarə olunması və vahid strategiyasının olması təəssüratını heç də oyatmır.
Burada vacib bir qeyd edək. Vahid strategiyanın parçası olmaq yuxarıdan “filan mətni ver” əmrini icra etmək deyildir. Bu, o deməkdir ki, müəyyən startegiya, yəni bir informasiya siyasəti müəyyən olunur və qurumlar o təlimata uyğun hərəkət edirlər.
Hazırki böhran kommunikasiyasının da siyasəti aşağıdakı kimi olmalıdır:
- Əhali arasında panikanın azaldılması;
- Ölkə xaricində olan vətəndaşlarla bağlı narahatlığın aradan qaldırılması;
- Əhalinin dövlətə inamının qorunması;
- Əhalinin ruh yüksəkliyinin qorunması və s.
Bu siyasətə əsasən, hər hansı bir addımdan əvvəl onun əhalidə yarada biləcəyi narahatlıq öncədən hesablanmalı və ona uyğun kommunikasiya qurulmalıdır.
Nümunə: “Türkiyə Cumhuriyyəti ilə sərhədlərimiz mart ayının 15-indən etibarən bağlanır”. Bu məlumatı yaydığımız zaman əhalidə çaşqınlıqların və narahatlıqların yaranacağı dəqiqdir. O zaman, bu qərarı verəndə əhalini narahat saxlayacaq sualların cavablarını da eyni vaxtda yaymaq lazımdır. Bu halda əhali panikaya düşməyəcək, dövləti səhv addımda ittiham etməyəcək, dövlətin vətəndaşa rəğbətinin olduğunu anlayacaq və s. Hə, kimsə deyə bilər ki, əsas odur ki, sonradan bu məsələ həll edildi. Xeyir, təəssüf ki, o, əsas deyil. Böhran kommunikasiyanın əsası hadisənin vurduğu ziyanı tam aradan qaldıra bilməsə də, onu minimum səviyyəyə endirməkdir. Bu addım isə minimum səviyyəyə endirmək deyil. Vətəndaşlar kifayət qədər narahat oldu, yuxarıda sadalananların əksini hiss etdi və “bizim israrlarımızdan sonra çəkinərək hansısa qərar qəbul etdilər” fikrinə sahib oldu.
İstər biznes, istərsə də dövlətdə bütün sistemlər kimi PR da dəqiqliklə işləməlidir ki, görülən işlər cəmiyyətə vaxtında çatdırılsın, atılacaq addımlar insanlarda çaşqınlıq yaratmasın, bir qurum dərədən, bir qurum təpədən danışmasın ki, heç bir islahat effektsiz görünməsin. Kommunikasiyada səhv olduqda da bunu bir başqa səhvlə düzəltməyə çalışmasın.
Misal, AZTV-nin məlum sujetində gedən “Azərbaycanın səhiyyə sisteminə əlavə yük yaratmaqdansa” ifadəsinin ictimaiyyət tərəfindən qınanılmasından sonra, bu qınağın yanlış olması, dövlət televizyasının özünü təmiz çıxarması üçün bir də əlavə sujet hazırlayıb, onu qınayanları savadsızlıqda günahlandırmasının nə manası? Axı özü sujetdə deyir ki, “Tək düşmənimiz Koronavirusudur”. O zaman, növbəti səhv addımı atıb səni qınayanları qınamaqdansa, problemin həlli, vətəndaşların sakitləşməsi və dövlətin görmüş olduğu vacib addımların kommuniksiyası ilə məşğul olmaq daha düzgündür.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin operativ qərargahının olması çox möhtəşəmdir, amma sözü gedən qərərgah öz kommunikasiyanını birbaşa, vasitəçisiz sosial şəbəkələr üzərindən də qursa, yerinə düşər. Nazirlər Kabinetinin saytında yayımlanan informasiya xəbər saytlarına, oradan da sosial şəbəkələrdə paylaşılana qədər hansısa şaiyə ayaq açır yeriyir. Sosial şəbəkələrdə vahid mərkəzə sual vermək imkanı varsa, panikanın qarşısını almaq nisbətən rahatdır.
Azər Nəzərov
Mənbə: publicrelations.az