Video konfransların etik qaydaları

Hazırda COVID – 19 pandemiyası ilə əlaqədar rəsmi və qeyri-rəsmi görüşlərin əksəriyyəti video konfranslar vasitəsilə təşkil edilir. Video konfranslarda hər kəs üz-üzə danışdığına görə əvvəlki ilə müqaisədə insanlar arasında daha çox yaxınlıq yaranır. Bu yaxınlıq isə görüşlərdə insanların daha sərbəst davranmasına səbəb olub. Rəsmi görüşlərdə bu sərbəstlik qeyri-etik görünür.

Elə ona görə də video konfransların etik qaydalarını təqdim edirik:

  • Video konfransa hansı proqram vasitəsi ilə (Zoom, Microsoft Teams, Google Hangout və s.) qoşulacaqsınızsa, görüş saatından əvvəl həmin proqramı kompüterinizdə və ya smart cihazınıza quraşdırın. Proqramın ilkin funksiyalarını, zəng etmək, kameranı qoşmaq, səsi almaq və sair kimi xüsusiyyətlərini sınaqdan keçirin. Görüş zamanı rahat istifadə edə biləcək qədər proqram öyrənin.
  • Görüşdən əvvəl İnternet sürətinizi, kameranızı və mikrofonunuzu yoxlayın. İnternet sürəti azdırsa, mobil İnternetinizdən istifadə edin. Kameranı sazlayın və mikrofonunuzda səsinizin əks səda vermədiyinə, boğuq və ya cızıltılı olmamağına əmin olun. Mikrofonlu qulaqcıqlardan istifadə etməyiniz bu problemlərin qarşısını alar. Görüş vaxtı yalnız söz sizdə olduqda mikrofonu qoşun, qalan hallarda mikrofonu sönülü saxlayın. Başqaları danışarkən sizin olduğunuz mühitin səsi, arxada gedən söhbətlər və sair danışanın sözlərinə qarışa və anlaşılmazlıq yarada bilər.
  • Video konfranslara adətən evlərinizdən qoşulsanız belə, görüş işinizlə bağlıdırsa, iş rəsmiyyətinə əməl edin. Saçınızı, üzünüzü, makiyajınızı və geyiminizi əvvəlcədən səliqəyə salın. Kamera önünə dağınıq saçlarla və yataqdan yeni qalxdığınızı göstərən üz ifadəsiylə keçməyin.
  • Video konfransdan əvvəl kamerada üzünüzün necə görünəcəyini yoxlayın. Çox işıqlı görüntü üzünüzü ağ və xəstəhal göstərəcək, kameranı aşağıdan yuxarıya tutsanız burnunuz olduğundan yekə görünəcək və izləyənlərdə narahatlıq oyadacaq, kamera üzünüzə çox yaxın olarsa, balıq gözü effekti yaranacaq və üzünüz çox enli, görünəcək, pəncərəyə və ya işıq gələn tərəfə kürəyinizi çevirsəniz, üzünüz tamam qaranlıq olacaq və üz ifadələrinizi, mimikalarınızı görmək mümkün olmayacaq. Ona görə də əvvəlcədən üzünüzlə kamera arasındakı ideal məsafəni və şəraiti yaradın.
  • Kamera təkcə üzünüzü deyil, olduğunuz mühiti də arxa fonda göstərir. Mütləq deyil ki, arxanızda geniş kitabxananız olsun, lakin heç olmasa otağın, evin səliqəli bir guşəsini seçin və ya səliqəyə salın. Arxa fondakı əşyaların rəngarəng və diqqətcəlebici olmamasına fikir verin. Əks halda konfransın digər iştirakçıları sizin danışığınıza deyil, arxa fonunuzdakı eqzotik vazaya fokuslana bilərlər. Heç cür səliqəli arxa fon yarada bilmirsinizsə, virtual arxa fonlardan yararlanın. Video konfrans proqramlarının əksəriyyətinin belə funksiyası var.
  • Söz sizdə olanda mikrofonu açmağı unutmayın. Danışarkən irəli-geri yellənməyin. Kameraya baxaraq danışmağı öyrənin. Heç kəs başqa yerə baxıb danışan insanı dinləmək istəməz.
  • Konfrans davam edərkən siz görüşü tərk etməlisinizsə, bu barədə mütləq konfrans rəhbərinə xəbər verin. Konfrans zamanı kameranı söndürməyin, söndürmək məcburiyyətindəsinizsə, bu barədə digər iştirakçıları xəbərdar edin.
  • Görüşün kimlərlə keçirildiyi önəmlidir. Dost qrupunuz deyilsə, konfrans rəsmi iş üçün təşkil olunubsa, görüş vaxtı siqaret çəkmək və ya yemək yemək sizin barənizdə xoş təəsürat yaratmaz.

Mənbə: https://www.temelaksoy.com