Speechwriter kimdir?

İstər toy mərasimi, istər məzuniyyət, istər təlim, istər seçki, həyatın bir çox məqamında auditoriya qarşısına keçmək və nitq söyləmək lazım olur. Burada iki məqam var, insanlar hələ sizi tanımırlarsa, sizə önəm verməyəcək, öz işlərində olacaq, siz danışarkən ətrafındakılarla söhbətləşəcəklər və sizin dediyiniz sözlərin heç bir mənası və təsiri olmayacaq. İkinci məqam isə, siz artıq tanınırsınızsa, insanlar sizi diqqətlə dinləyəcək, lakin sizin çıxışınız mənasız və təsirsiz olarsa, insanlar güləcək, sizə kinayə edəcək, inamları azalacaq və imiciniz zədələnəcək.

Əslində, nitq söyləmək müşkül iş deyil. Lakin, kimliyindən asılı olmayaraq, istənilən insanı auditoriya qarşısına gətirmək və “ X mövzusunda danış” demək axmaqlıq olardı. Hətta bu ən yaxşı natiqləri belə çətin vəziyyətə salar. Çünki, sən aududitoriyada kimlərin olduğunu bilmirsən, mövzu ilə dərindən tanış olmamısan, o insanların hisslərinə, düşüncələrinə, ənənələrinə və dəyərlərinə hakim deyilsən.

Nə etməli?

Təbii ki, əvvəlcədən yaxşıca hazırlaşmalı. Çıxış edəcəyiniz tədbir kiçikdirsə və siz ictimai fiqur deyilsinizsə, özünüz hazırlıq görə və yaxşı nitq yaza bilərsiniz. Bəli, nitq söylənilən mətn olsa da, onu yaxşıca yazmaq, redaktə etmək, əvvəlcə özün üçün bir neçə dəfə yüksək səsələ təkrarlamaq, jest və mimikaları müəyyənləşdirmək, sonra çıxışı gerçəkləşdirmək lazımdır.

Siz ictimai fiqursunuzsa, ələlxüsus siyasətlə məşğul olursunuzsa, üstəlik seçki ərəfəsindəsinizsə, hazırlıqsız deyəcəyiniz hər bir söz siniz əleyhinizə istifadə oluna bilər. Siz çox savadlı, analiz qabiliyyəti yüksək və doğru qərarlar vermək bacarığına sahib ola bilərsiniz, lakin bütün bunları ifadə etmək və dilə gətirmək, hər kəsin anlayacağı və inanacağı şəxsə çevrilmək heç də asan deyil. Nəzərə alaq ki, həm də seçki ərəfəsində namizədlərin işləri həddən artıq çox olur və onlar özləri hər auditoriyaya uyğun çıxış mətni hazırlamağa vaxt da ayıra bilmirlər.

Belə olan halda, Speechwriter (Nitq yazarları) köməyə gəlir.

Böyük seçki kampaniyalarının qaliblərinin adətən Speechwriter-ı olmur, çünki onların birbaşa Speechwriter komandası olur. Bir neçə nəfər namizədin çıxış mətnini hazırlayır, onlar ümumi PR komandasının apardığı araşdırmalardan və analizlərdən yararlanır. Namizədi hərtərəfli, faydalı və doğru insan olduğunu göstərmək üçün söz oyunları edir, insanlarla səmimi münasibətin qurulması üçün mətnə zarafatlar qatır, rəqiblərə atmacalar və hazırcavablıq üçün kiçik qeydlər yazırlar. Çıxış mətni başdan sona qədər qüvvətli olmalı və geniş kütlədə böyük təəssurat yaratmalı, rezonans doğurmalıdır. Bu mətn dəfələrlə redaktədən keçir və ən ideal halını alır. Yalnız bundan sonra namizədə təqdim olunur.

Speechwriter-lərin işi namizəd həmin mövqeyə seçildikdən sonra da davam edir. Siz ölkə prezidenti seçilmisinizsə, təbii ki, bundan sonrakı çıxışlarınızda da diqqətli olmalısınız. Məsələn, ABŞ-ın 2008-2016-cı illər üçün prezidenti Barack Obamanın Speechwriter komandası ən yaxşılarından hesab edilir. O, prezident kimi ən sonuncu çıxışına qədər Speechwriter-lərin köməyindən yararlanıb. Sonuncu çıxışı da elə “Mic drop” jesti ilə yaddaqaldı.

Obamanın Speechwriter-lərindən biri 2008-ci ildə  hələ 21 yaşı olan Jon Favreau olub. O, bu barədə ilk dəfə təklif alanda, 300 milyon ABŞ əhalisinə xitab etməyin necə ağır olacağından qorxduğunu etiraf edib. Lakin, Obama gənclərə xitab edirdi və komandasında gənclərin dilindən bilən, gənclərlə eyni baxışa sahib insanlara ehtiyac vardı. Beləliklə, Jon Favreau 8 il komandada qalır və mətnlərin hazırlanmasında iştirak edir.

Hətta, Hollywood aktyorlarının da böyük mükafat mərasimləri üçün Speechwriter-ləri olur və onların məşhur Oscar nitqlərini bir müddət öncədən başqa insanlar hazırlayır. Geriyə sadəcə mükafatı almaq və nitqi oynamaq qalır.

Azərbaycanda, Speechwriter vəzifəsinə hələ ki xüsusi önəm verilmir, bu iş mətbuat katibinə və ya PR mütəxəsisə, ən yaxşı halda Copywriter-ə həvalə olunur, azsaylı şəxslər Speechwriter-ın köməyindən istifadə edir və adətən təcrübəsinə əsasən Speechwriter vəzifəsinə xarici ölkələrin mütəxəsissləri dəvət olunur.

Speechwriter-lərin diqqət etdiyi əsas məqamlar isə aşağıdakılardır:

  • Səmimi salamlama ilə giriş;
  • Auditoriyanın marağını cəlb etmək üçün effektiv bir sitat və ya sual;
  • Hər kəsin anlaya biləcəyi qısa cümlələr;
  • Anlaşılmaq üçün yazıya köməkçi fotolar və nümunələr;
  • Əcnəbi dillərdəki sözlərdən yayınmaq, yalnız ana dilindən istifadə;
  • Danışıq üslubunda yazmaq;
  • Marağı saxlamaq üçün zarafatlar edilir;
  • Çıxışın məqsədini bir daha vurğulayan sonluq yazılır.