Sosial Listening nədir?

Təssəvvür edin kiçik kafedə çalışırsınız. Bir gün sifariş üçün yaxınlaşan iki müştərinizin söhbətinə şahid olursunuz. Biri digərinə bu kafenin çayını və şirniyyatını bəyəndiyini deyir, digəri çayın yaxşı olduğunu təsdiqləyir, lakin şirniyyatın quru olduğundan şikayətlənir. Belə olan halda siz bu şikayətə göz yummamalı, dərhal digər müştərilərin sizin kafedə satılan şirniyyat barədə nə düşündüyünü öyrənməlisiniz. Müştərilərinizin sizin barənizdə nə düşündüyünü öyrənmək üçün onların söhbətlərinə qulaq asmağınızın etik olmadığını nəzərə alanda, onların fikirlərini ictimai formada paylaşdıqları sosial şəbəkələr bu işdə sizin köməyinizə gələcək. Bu proses Social Listening adlanır, yəni Sosial Dinləmə.

Qısa formada, Social Listening sosial şəbəkələrdə sizin, o cümlədən, rəqibləriniz və sizin sahə barədə istifadəçilərin postlarını, direct mesajlarını, feedback-lərini, müzakirələrini, açar sözlər olan paylaşımlarının monitorinqi, əldə olunan nəticələrin analizidir.

Sosial şəbəkələrdə Social Listening aparmazdan öncə siz öz hədəf auditoriyanız haqqında məlumatlı olmalısınız:

  • Yaşı;
  • Cinsi;
  • Təhsili;
  • Peşəsi;
  • Maraqları;
  • Ehtiyacları;
  • Yaşadığı ərazi;
  • Adətləri;
  • Və sair.

Bütün bunların cavabına əsasən, sizin auditoriyanın daha çox hansı sosial şəbəkələrdən istifadə etdiyini təyin edirsiniz. Daha sonra həmin sosial şəbəkələrdə aşağıdakıları axtarırsınız:

  • Brendinizin adı qeyd olunan paylaşımlar;
  • Sizə yaxın hashtag-lər;
  • Rəqiblərinizin adı qeyd olunan paylaşımlar;
  • Sizin fəaliyyət sahənizə dair trendlər.

Buradan əldə etdiyiniz məlumatlar artıq gələcək fəaliyyətinizə istiqamət verir. Siz müştərilərinizin sizin barənizdə nə düşündüyünü bilir, onları narahat edən məqamları aradan qaldırır və ehtiyaclarını ödəyirsiniz.

Bunlardan əlavə, sizin Brendin sosial şəbəkələrdə hesabı olmalıdır. Müştəriləriniz asanlıqla və birbaşa sizinlə əlaqə saxlaya bilməlidir. Sosial şəbəkədə sizə birbaşa müraciət edən bir müştərinin kiçik narahatlığını yerindəcə eşidib, həll edirsiniz. Lakin, buna göz yumsanız, müştəri bu barədə danışmağa davam edəcək və məsələ böyüyəcək, digər insanların da narahatlığına səbəb olacaq. Bu isə sizin Brendin imicinə zərbədir.

Təbii ki, Social Listening üçün açar sözləriniz olmalıdır və bu da təbiidir ki, ayaqqabı brendi ilə restoranlar şəbəkəsi üçün açar sözlər eyni olmayacaq. Məhz sizin Brendə uyğun açar sözləri tapmağa aşağıdakılar kömək edə bilər:

  • Sizin Brendin adı ;
  • Sizin məhsulların adı, ümumi orfoqrafik yanlışlarla birgə;
  • Sizin və rəqiblərinizin şüarları;
  • Sizin Brendi və rəqiblərinizi təmsil edən əsas nümayəndələrin adları (CEO, Mətbuat katibi və sair);
  • Kampaniyalarınızı adları və açar sözləri;
  • Sizin və rəqiblərinizin istifadə etdiyi hashtag-lər;
  • Sizin sahəni əhatə edən ümumi hashtag-lər;
  • Sizin sahəni ifadə edən sözlər;
  • Və sair.

Sosial Listening həyata keçirə bilmək üçün sizə kömək olacaq bir neçə platformanı təqdim edirik:

  • Mentionlytics
  • Brandwatch Consumer Research
  • Hootsuite
  • Adview
  • ReviewTrackers
  • Talkwalker
  • Synthesio
  • Reddit Keyword Monitor
  • Audiense