Hədəf qrupa mesajları ötürmək üçün düzgün kommunikasiya strategiyası qurmaq vacibdir. Bəzi hallarda kommunikasiya qura bilmək üçün birbaşa, üz-üzə söhbətlər, müzakirələr aparmaq ehtiyacı yaranır. Tövsiyə etdiyimiz qaydalara əməl etməklə söhbət zamanı eşidiləcəksiniz.
RB.ru portalının dərc etdiyi qaydaları sizə təqdim edirik:
- Məqsədinizi bilin. Bəzi vaxtlarda iki saat danışıb, yenə də mesajı ötürə bilməmək mümkündür. Söhbət vaxtı məqsədinizi ağlınızda saxlayın, bu hədəfinizdən yayınmağınıza mane olacaq.
- Doğru anlaşıldığınızdan əmin olun. Təsdiqləyici, dəqiqləşdirici suallar verin və yoxlayın ki, həmsöhbətiniz sizi dinləyib. Bunu bir neçə dəfə etmək lazımdır. Hərdən bizə elə gəlir ki, hər şey onsuz da çox aydındır, lakin çox vaxt belə olmur.
- Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Hər şeyi, o cümlədən, smartfonunuzu kənara atıb, söhbətə fokuslanın. Diqqətinizi həmsöhbətinizə ayırıb danışdıqda söhbətin sizə maraqlı olduğu hissini yaradırsınız.
- Həmsöhbətinizə xitab edin. Söhbət əsnasında həmsöhbətinizə adı ilə xitab etməyiniz münasibəti şəxsiləşdirir, tamamilə ona fokuslandığınızı göstərir. Həm də, insanlara öz adlarını eşitmək xoşdur.
- Small-talk-lara (kiçik söhbətlərə) yer verin. İşgüzar söhbətə başlamazdan əvvəl həmsöhbətinizin maraq dairəsində olan nəsə barədə kiçik söhbətləşmə aparın. Belə səmimi ünsiyyət onun əsas söhbət üçün gərginliyinin azalmasına imkan yaradacaq.
- Cavab vermək üçün dinləməyin. Empatik dinləmə adlı anlayış var. Cavab vermək üçün deyil, anlamaq üçün həmsöhbətinizi dinləyin. O danışarkən tamamilə dinləməklə məğul olun, hətta ağlınızda belə ona cavab verməyin.
- Qısa danışın. Söhbətin əsas mövzusundan uzaqlaşmamağa çalışın. Söz bolluğundan çəkinin. Həmsöhbətiniz belədə sizi daha yaxşı anlayacaq.
- Təşəkkür edin. Sonda həmsöhbətinizə sizə vaxt ayırdığı, sizi dinlədiyi üçün təşəkkür edin. Göstərin ki, həmsöhbətinizi dəyərləndirirsiniz, ona söhbətdə iştirak etmək borcudur kimi hiss etdirməyin.