Radio reportajda interküylər niyə vacibdir?

İnterküy reportajın fonunda və ya daxilində istifadə olunan kənar səslərdir.

Bildiyiniz kimi, radioda görüntüdən istifadə etmək mümkün deyil. Bütün hadisə səslərin vasitəsilə dinləyiciyə ötürülür və dinləyici üçün səs vasitəsilə aydın mənzərə yaradılır. Bu işdə isə reportyorun köməyinə interküylər gəlir. İnterküylər reportaja canlılıq qatır, dinləyicilər üçün aydın təsvir yaradır və dinləyicini hadisə yerinə aparır.

Reportaj mövzusuna uyğun gələ biləcək interküylər əvvəlcədən təyin edilməli, reportaj üçün digər materiallar toplanarkən, uyğun yerlərdən interküylər də yazılmalıdır.

Məsələn, siz ictimai nəqliyyat barədə reportaj hazırlayırsınızsa, burada avtobusun əyləc səsi, sərnişinlərin sürücü ilə danışığı, siqnal səsləri və sair interküy kimi istifadə ouna bilər. Buna görə də, siz avtobus sürücüsündən müsahibə alamağa gedərkən, yerindəcə interküyləri də qeydə almalısınız.

Daha hansı interküyə ehtiyacınız olduğunu isə montaj zamanı biləcəksiniz. Montaj edərkən interküyləriniz kifayət etməzsə, ehtiyac duyduğunuz keçidlərə, boşluqlara uyğun əlavə interküylər tapmalı olacaqsınız.

Reportajınızı canlı tutmaq üçün interküy əvəzinə, uyğun fon musiqisi də seçə bilərsiniz. Lakin fon musiqisi dinləyicinin fikrini reportajdan yayındırmamalı, reportyorun və müsahiblərin danışığı aydın eşidilməlidir. Həm də musiqi reportajın ümumi tempinə uyğun gəlməlidir. Normal danışıq ritminə uyğun reportajın fonunda sürətli ritmi olan musiqidən istifadə etmək əlverişsizdir.