İstənilən sahədə çalışan peşəkar insanın gündəlik müqavimət göstərməli olduğu məsələlərdən biri də arqoların* və jarqonların** istifadəsidir. Bu daha çox yazı tərzində özünü büruzə verir.
*Arqo – müəyyən sosial qrupun qapalı spesifik dili
** Jarqon – Hər hansı ictimai qrupun, zümrənin istifadə etdiyi özünəməxsus şərti danışıq; ədəbi dilin normalarına uyğun gəlməyən söz və ifadələr.
Peşə sahəsinə dair hər hansı məqalə, araşdırma və sair yazan insanlar bəzən elə düşünür ki, hər bir jarqonun ifadə etdiyi mənanı uzun-uzadı qələmə almaqdansa, jarqonlardan istifadə daha asan və kəsədir. Xüsusən, sizin həmkarlarınıza və bu sahə ilə maraqlanan insanlara xitab edən yazılarda bu hal daha çox üzə çıxır. Hətta, belə vəziyyətdə də siz sadə və anlaşılan dildən istifadə etməlisiniz.
Daha çox başlıqlar və altbaşlıqlar sadə dildə yazılmalı və geniş kütlənin anlayacağı tərzdə olmalıdır. Lakin, axtarış motorlarında çıxmaq üçün açar sözlərdən də istifadə vacibdir. Belə olan halda, artıq beynəlxalq mediada yayımlanan ixtisas məqalələri iki başlıqla dərc olunur. Bunu Əsas başlıq və altbaşlıq formasında istifadə edə bilərsiniz.
Siz birinci başlıqda insanlara, ikinci başlıqda isə axtarış motorlarına xitab edirsiniz.
Nümunə:
Cəmiyyət üçün: Təhsil Naziri yeni tədris planını açıqlayıb
İnsanlar təhsil nazirinin adını və soyadını bilməyə bilərlər, amma söhbətin samballı mənbədən getdiyini və məsələnin ciddiliyi “Təhsil Naziri” sözündən anlayır, məsələyə maraqla yanşırlar.
Axtarış motorları üçün isə: Təhsil Naziri Ceyhun Bayramov Finlandiya təhsil sisteminə uyğun yeni dərs planını açıqlayıb
İndi isə bu başlıqdakı açar sözlərə bir neçəsi də əlavə olundu, nəticədə axtarış üçün “təhsil naziri”, “Ceyhun Bayramov”, “Finlandiya təhsil sistemi”, “dərs planı” açar sözləriniz oldu.