Media Monitorinq nəyə lazımdır?

Sizin gördüyünüz işin ictimaiyyətlə hər hansı əlaqəsi varsa,  hədəf kütləniz, sözünüzü çatdırmaq istədiyiniz insanlar, sizin müştəriləriniz və sair, deməli, media monitorinqlər etməlisiniz.

Bu hər hansı iş ola bilər, istər dövlət qurumu, istər özəl sektor, istehsalat, xidmət, siyahını uzada bilərik. Nəticədə, siz insanlarla və ya insanlar üçün işləyirsinizsə, fəaliyyətinizin onlarda olan dəyərini bilməlisiniz. Bir sözlə, başınızı torpağa gizlədib, yer altında işləyə və insanların sizin haqqınızda nə düşündüyünü gözardı edə bilməzsiniz. Əlbəttə, belə də edə bilərsiniz, laki   n fəaliyyətiniz uzunömürlü olmaya və insanların sevimlisinə çevrilməyə, yəni sizə qazandırmaya bilər. İnsanların sizin barənizdə nə düşündüyünü ölçməyin bir neçə yolu var: Sorğular, araşdırmalar və sair. Bu yazıda isə media monitorinqlərin önəmindən danışırıq.

Siz qurumunuzun şəffaflığını, faydalılığını və önəmini çatdırmaq üçün fəaliyyətinizə dair hər hansı xəbəri (mətn/audio/video) mediada yayımlayırsınız. Burada əvvəlcədən hansı media kanalından istifadə edəcəyinizə qərar verməlisiniz – ənənəvi media, onlayn media, sosial media və sair. Yaxşı olar ki, daha geniş kütləyə çata bilmək üçün hər üç kanaldakı platformalardan istifadə edəsiniz, amma hədəf kütlənizin xəbəri hardan almasına əsaslanıb hərəkət etməlisiniz. Hədəf kütlənizin xəbəri hardan aldığını isə siz hətta fəaliyyətə başlamamışdan əvvəl araşdırıb öyrənməlisiniz.

Xəbər yayımlamaq sizə heç nə qazandırmır. Xəbər sizin dilinizdən çıxır naməlum hədəfə doğru yönəlir. Monitorinq etməsəniz, xəbərin kimə çatdığını, həmin kimdə hansı təəssürat oyatdığını, həmin kimin davranışında və sizin quruma yanaşmasında hansı dəyişikliklərə səbəb olduğunu bilməyəcəksiniz. Eləcə göy üzünə atəş açmış olacaqsınız. Axı bu durnanı gözündən vurmaq, düşdüyü yeri tapmaq, gətirib yaxşıca bişirib, yemək lazımdır. Yalnız bundan sonra göyə açdığınız atəşin bir mənası və faydası olacaq.

Media Monitorinq də məhz bu işi görür.

  • Siz xəbərinizin əvvəlcə hansı media outletlərdə yayımlandığını araşdırırsınız, maksimum dəqiq say əldə etməyə çalışırsınız.
  • Xəbərinizin hansı bölmədə, hansı yerdə yayımlandığına fikir verirsiniz.
  • Həmin media outletlərin oxucu kütləsinin nə qədərinin sizin hədəf kütləniz olduğunu araşdırırsınız.
  • Hər kanalda yayımlanan xəbərinizə gələn oxucu sayını, bəyənmələri və şərhləri toplayırsınız.
  • Topladığınız şərhləri daha sonra tonuna görə ayırırsınız. İnsanlar bu xəbəri pozitiv, neytral yoxsa neqativ tonda şərh ediblər.
  • Sosial şəbəkələrdə insanların bu xəbərə münasibəti necədir.
  • Sizin sosial şəbəkə hesablarınıza, mail ünvanınıza bu xəbər barədə nə yazırlar.

Bütün datanı əldə etdikdən sonra sizin fəaliyyətinizlə bağlı bir xəbərə hədəf kütlənizin reaksiyasını ölçmüş hesab olunursunuz. Əldə etdiyiniz məlumatlar əsasında isə gələcək fəaliyyətinizi qərarlaşdırırsınız.

Məsələn, necə ki türk serialları izləyici şərhlərinə uyğun olaraq dəyişikliklər aparıb, hədəf kütlənin həcmini qoruyur və artırırlar. Fikir versəniz, bir serialın təkcə bir seriyasının Youtube-da yayımlanan ünvanına yazılan şərhlərdə çox insan “Neçə vaxtdır serialı məşhur edən mahnı səslənmir” deyirsə, növbəti seriyada mütləq o mahnı ssenariyə əlavə olunur. Bir növ hədəf kütlənin gözləntiləri qarşılanır.

Media monitorinq detallı, dərin və geniş iş tələb edir. Buna görə də sizin qurumun mətbuat xidməti və ya PR komandası bu işi həyata keçirməlidir. Onlar, adətən, bu işi media monitorinq şirkətlərinə tapşırır. Media monitorinq şirkətləri isə müxtəlif şərtlərlə çalışır və sizə istədiyinizin ya hamısını ya da bir qisminin təqdim edə bilir. Ona görə də, media monitorinq şirkətindən gələn hesabat cədvəli qurumun öz komandası tərəfindən analiz edilməli və lazımi nəticələr çıxarılmalıdır.