Media Dəsti, qrumun özünü mediaya tanıtmaq və ya anlatmaq üçün hazırladığı, içərisində qurum haqqında önəmli və detallı məlumatları əks etdirən müxtəlif tanıdıcı, korporativ yazılı və vizual materialların olduğu dəstdir. Media Dəsti, hər qurumda özünəməxsus, ictimaiyyətlə qurum arasında əlaqələrin möhkəmlənməsinə kömək edən vacib korporativ kimlikdir.
Media dəsti, qurumun markalaşma yolunda qət etməli olduğu əsas proseslərdən biridir. Qurum, əslində, Media Dəsti hazırlamaqla markalaşma yolunda olduğunu vurğulayır.
Hazırki dövrdə media dəstinin çap versiyadansa, qurumun vebsaytında yerləşdirilməsi daha əlverişlidir. Bunun sayəsində media nümayəndələri sizin qurum haqqında hər hansı məlumat paylaşdıqları vaxt bu məlumatı 3-cü şəxslərdən deyil, məhz sizin dilinizdən əldə etmiş olurlar. Bu daha dəqiq və doğru xəbərlərin paylaşılmasına səbəb olur, sizin haqqınızda arzuolunmaz xəbərlərin paylaşılmasının isə qarşısını alır.
Media Dəsti bir qurumun çölə açılan qapısıdır. Buna görə də, çox diqqətlə və peşəkar formada hazırlanmalıdır.
Media Dəstinə aşağıdakıları daxil edə bilərsiniz:
- Media Bülleteni. Burada qurumla bağlı yeniliklər, xəbərlər yerləşdirilməlidir. Burada yerləşdirilən məlumatlar media üçün maraqlı olmalı, xəbər yükü daşımalıdır.
- Qurumun tarixçəsi/Haqqında. Bu, qurumun özünü tanıtdığı hissədir. Burada qurumun nə vaxt və kim tərəfindən əsasının qoyulduğu, qurumun məqsədi, qısa və uzun vədəli hədəfləri, qurumun dəyərləri, missiyası, xidmət və məhsulları, daxil olduğu sahə, Korporativ Sosial Məsuliyyət yanaşması kimi qurum haqqında ətraflı məlumat paylaşılır.
- Loqo və vizual kontent. Burada yerləşdirdiyiniz loqo və vizual kontentiniz sizi təmsil edir. Ona görə də, Media Dəstə ən yüksək keyfiyyətdə və ölçüdə loqo və kontentinizi yerləşdirməlisiniz ki, sizin haqqınızda mediada çıxan məlumatlarda keyfiyyətsiz foto və loqo istifadə olunmasın.
- Departamentlər və idarə heyəti barədə məlumat. Media Dəstdə departament rəhbərlərinin və idarə heyətinin üzvlərinin bioqrafik məlumatı və fotoları paylaşılmalıdır.
- Mükafat və Sertifikatlar. Qurumların uğur göstəricisi olan mükafat və sertifikatlar barədə məlumat da Media Dəstdə öz yerini tutmalıdır. Mükafat və sertifikatların görüntüsü ilə yanaşı, önəmi, nəyə görə verildiyi də qeyd olunmalıdır.
- Korporativ Sosial Məsuliyyət (KSM) layihələri. KSM layihələr qurumun ictimaiyyət qarşısında hörmətini və etibarını artırır. Buna görə də həyata keçirilən və planlaşdırılan KSM layihələr barədə məlumat Dəstdə yerləşdirilməlidir.
- Əsas məhsullar və ya xidmətlər. Burada qurumun əsas məhsulları və ya xidmətləri barədə məlumat yerləşdirilməlidir. Beləliklə, həm media nümayəndələri, həm də ictimaiyyət sizin fəaliyyət sahəniz və gördüyünüz işlər barədə ətraflı məlumat əldə edir.
- Broşür və kataloqlar. Qurumunuz barədə broşür və kataloqlar mövcuddursa, onları da Media Dəstə əlavə edə bilərsiniz. Bu, o qədər də vacib deyil, əlinizdə varsa, paylaşın.
- Əlaqə vasitələri və Sosial Media Səhifələri. Qurumun baş ofisi, şöbələri, istehsalat yerləri barədə xəritə şəklində Dəstdə məlumat yerləşdirin. Bundan əlavə, qurumun rəsmi e-mail ünvanı və sosial şəbəkə hesabları da Media Dəstində yerini tutmalıdır.
Mənbə: Brandingturkiye.com