Loqolarda istifadə olunan rənglərin psixoloji mənaları

Loqo markanı birbaşa təmsil edən işarədir. Markalar loqo seçimi ilə yanaşı korportiv rəng də seçməli, həm də bu rəngi loqolarında əks etdirməlidirlər. Buna görə də rənglərin mənalarını bilmək, markanın fəaliyyət sahəsinə və fəlsəfəsinə uyğun rəng seçmək önəmlidir. Buna görə də Pazarlamasyon.com saytına istinadən loqolarda ən çox istifadə olunan 8 rəngin psixoloji mənalarını oxucularımızla bölüşürük:

Qırmızı: Bu, insanları riskə getməyə təşviq edən xəbərdaredici rəngdir. Eyni zamanda, qırmızı hissləri canlandırır və qan təzyiqini yüksəldir. Ümumilikdə, qırmızı rəng güc, enerji, eşq, təhlükəni də ifadə edir.

Loqosunda qırmızı rəngdən istifadə edən bəzi markalar: Coca – Cola, Nitento, Netflix, KFC, BİM, Pizza Hut

Sarı: Bu, sinir sistemini oyadan və kommunikasiyaya təşviq edən rəngdir. Adətən, sarı rənglə xoşbəxtlik, xoşniyətlilik, ümid, bəzi hallarda isə qorxaqlıq və xəyanət ifadə oulnur. Ümumilikdə, sevinci və səmimiyyəti artıran sarı, eyni zamanda gözdə yorğunluğa və gərginliyə səbəb ola bilir.

Loqosunda sarı rəngdən istifadə edən bəzi markalar: UPS, Lamborghini, Cat, McDonald’s, Shell

Mavi: Bu, qırmızının əksinə olaraq insanı sakitləşdirən və qan təzyiqini azaldan rəngdir. Mavi güvən, etibar, əmr və təmizlik kimi mənaları kəsb edir. Sülhü də ifadə edən mavi professionallıq, sədaqət və sabitliyin rəmzidir. Məhsuldarlığı artırdığı üçün ofislərdə ən çox istifadə olunan rəngdir.

Loqosunda mavi rəngdən istifadə edən bəzi markalar:  İntel, Ford, Samsung Facebook, Pepsi, Linkedln

Narıncı: Bu, kütlə və ya qarışıqlıq içində gözəçarpan rəngdir. Narıncı tarazlıq və səmimiyyətin rəngidir. Parlaq rəng olduğu üçün uşaq məhsullarının logolarında da istifadə olunur.

Loqosunda narıncı rəngdən istifadə edən bəzi markalar:  Fanta, Harley-Davidson, Nickelodeon 

Yaşıl: Bu, rəng təbiəti və sağlamlığı ifadə edir və depressiyanı azaltdığı ehtimal olunur. Eyni zamanda, yaşıl şans və qısqanclığın da rəngidir. Yaşıl rəng həm də pul ilə assosiasiya olunur. Aparılan araşdırmalardan biri göstərir ki, yaşıl rəngdən istifadə olunan iş mühitində çalışan əməkdaşlar daha az xəstələnir.

Loqosunda yaşıl rəngdən istifadə edən bəzi markalar: Whole Foods, Animal Planet, BP, Starbucks, WhatsApp

Bənövşəyi:  Bu, xəyal gücünü işə salan əfsunlayıcı rəngdir. Bənövşəyi mənəviyyatı, gizliliyi, müdrikliyi ifadə edir. Eyni zamanda, bənövşəyi zənginlik, ehtişam, yüksək həyat tərzi və uğurun rəngidir. Bu rəng bir çox kralın uzun illər geyim rəngi olub.

Loqosunda bənövşəyi rəngdən istifadə edən bəzi markalar: Yahoo, Cadbury, Los Angeles Lakers, Aussie, Taco Bell

Çəhrayı: Bu, məsumiyyət, gənclik və gözəlliyi ifadə edən rəngdir. Eyni zamanda, çəhrayı uşaqlıq dövrü, sevgi və romantizm mənalarını daşıyır. Daha çox qadınlara yaraşdırıldığı üçün bu rəngdən gözəllik, moda kimi sahələrdə fəaliyyət göstərən markalar da istifadə edir.

Loqosunda çəhrayı rəngdən istifadə edən bəzi markalar: Barbie, Cosmopolitan, Dunkin’ Donuts, Baskin-Robbins

Qəhvəyi: Bu, sadəliyi, faydalılığı və tərəfsizliyi ifadə etdiyi üçün daha ço hüquq və inşaat sektorunda istifadə olunan rəngdir. Qəhvəyi həm də dünyəvi həyatı təmsil edir. Həmçinin, ağaclarla assosiasiya olunduğu üçün təbiəti də ifadə edir. Qəhvə və şokolad markaları da loqolarında bu rəngdən istifadə edir.

Loqosunda qəhvəyi  rəngdən istifadə edən bəzi markalar: UPS, M&M’s, Gloria Jean’s Coffees, The Hershey Company