Kommunikasiya və Effektiv Kommunikasiya arasındakı fərq

Müdir işçisinə: “Qovluğu mənə gətir”.

Müdir qovluğun, işin adını demədən gedir, işçi isə çaşqın qalır ki, müdir hansı qovluğu istəyir. Soruşmağa bir növ cəsarət etmir. Müdir işçisi ilə kommunikasiya qurdu, lakin mesaj aydın olmadı.

Murad Aygünü şam yeməyinə dəvət edir.

Lakin günün sonunda çox məyus olur. Murad Aygünə onu yalnız Tayland mətbəxinin servis olunduğu restorana aparacağını əvvəlcədən deməmişdi. Aygün isə Tayland yeməklərini bəyənmirmiş.

Gündəlik həyatda qarşıya çıxan hər iki nümunədə effektiv olmayan kommunikasiya günahkardır. Bu gün bütün ssenarilərdə ən yaxşı nəticə üçün ehtiyac olan sehr isə – Effektiv Kommunikasiyadır. Təkcə kommunikasiya kifayət etmir, Kommunikasiya quran şəxs Effektiv Kommunikasiya bacarıqlarına da yiyələnsə, anlaşılmazlıqlar yaranmaz və işlər qaydasında gedər. Kommunikasiyada ünsiyyət quran şəxs qarşısındakının mesajı qəbul edib-etmədiyindən asılı olmayaraq sözünü deyir, Effektiv Kommunikasiyada isə mesajı ötürən tərəf qarşı tərəfin tam anlaması üçün çalışır.

“Mən su istəyirəm” – Kommunikasiyadır.

“Mənə mətbəxdəki mavi dolçadan sarı fincanda ilıq su gətirməyini istəyirəm” isə Effektiv Kommunikasiyadır.

Effektiv Kommunikasiya sözlərin və ifadələrin dəqiq, aydın, izahlı və düzgün seçilməsidir, yalnız bu halda effektivliyə nail olmaq mümkündür. Kommunikasiya quran şəxsin özü əvvəlcə nə istədiyini aydın formada anlamalı və qərarlaşdırmalı, sonra bu mesajı qarşıya ötürməlidir. Cümlə quruluşunun da qrammatik cəhətdən düzgün olmasına fikir vermək lazımdır, əks halda sistemsiz sözlər və abstrakt ideyalar formasında deyilən cümlələr çaşqınlıq yaradır. Danışanın səsi yüksək və aydın olmalıdır ki, qarşıdakı nə dediyini anlasın.

Kommunikasiya qurarkən hədəf kütlə də nəzərə alınmalıdır. Gənclərdən ibarət qrupa xitab edirsinizsə, akademik danışıq, korporativ jarqon, terminlərdən istifadə işə yaramaz. Əksinə çıxışçı səmimi olmalı, arada zarafatlar etməli, gənclərə tanış “trend” kəlimələr deməlidir. Danışarkən arada fasilə verərək auditoriyadan “Səsimi yaxşı eşidirsinizmi?”, “Dediklərim aydındır?”, “Düzgün izah edə bilirəm?”, “Hər hansı narahtlığınız yoxdur?” kimi suallar soruşaraq ötürdüyünüz informasiyanın qəbul edildiyinə əmin olun.

Son olaraq onu deyək ki, mümkün olduqca hər dəfə kommunikasiya qurduqda mesajınızı qarşı tərəfin aydın və düzgün qəbul etdiyini yoxlayın, ona sual verin və anlamasını təmin edin. Effektiv Kommunikasiya sizi daim fərqləndirəcək və şəxsi imicinizin formalaşmasına, komandada və kollektivdə rəğbət qazanmağınıza kömək edəcək.

Mənbə: managementstudyguide.com