Başlıq kommersiya mətnlərində çox önəmlidir. Diqqəti cəlb etməli, maraqlı gəlməli və mətnin oxunmasına səbəb olmalıdır. Mətn nə qədər maraqlı və faydalı olsa da, pis yazılmış başlıq potensial müştərini yayındıra bilər.
Marketinq mütəxəssisi David Ogilvy deyib ki, insanlar adətən, başlıqları mətndən 5 dəfə çox oxuyur. Bunu nəzərə alaraq başlıq yazarkən sizə faydalı olacaq 30 taktikanı təqdim edirik:
- Hekayə. İnsanlar hekayə dinləməyi sevir, xüsusilə bu hekayə onlara və ya həyata aiddirsə;
- Gözlənilməz fakt. Maraq cəlb edir və insanlar niyə belə olduğunu öyrənmək istəyir;
- Ünvanlılıq. Konkret və müəyyən auditoriyaya xitab olunur;
- Təminat. Güclü alətdir. Əminlik yaradır, brendə etimad formalaşdırır;
- “Niyə?”. Mətndəki digər sualların cavabını oxumağa təşviq edir;
- “Necə” sualsız. Burada cavab verilir, sual yox. Bu, daha çox motivasiyaedici məqalələrə aiddir;
- “Necə” + hekayə. Bu dəfə cavabı verərkən auditoriya üçün maraqlı olan insan barədə hekayədən istifadə etmək olar;
- Daha kim? Bu daha öncə kiminsə bu məhsuldan istifadə etdiyini və faydasını gördüyünü anlamağa kömək edir;
- Elan. Adətən, vacib informasiyanı çatdırmaq üçün elandan istifadə olunur. Bu diqqəti cəlb edir;
- İndi isə. Başlıq məhsul və ya xidmət barədə yenilikdən xəbər verir. Xüsusilə, faydalı tərəflər vurğulanır;
- Tarix və vaxt. Konkretlik yaradır, “deadline” barədə məlumat verir;
- Sərfəli qiymət. Qiymət sərfəli olanda bunu vurğulamaq lazımdır;
- Xüsusi təklif. Birbaşa qiymət yazılmır, lakin sərfəli olduğu barədə məlumat verilir;
- Asan və sadə. İnsanlar məsələlərin sadə həllini xoşlayırlar;
- Faydanı birbaşa göstər. Açıq formada müştərinin nə qədər qənaət edəcəyini, hansı faydanı götürəcəyini deyin;
- Pulsuz. Qeyd-şərtsiz möcüzəli söz. Limitsiz və ya pulsuz nə varsa, başlığa çıxarın;
- İntriqa. İntriqa maraq yaradır, mətni oxumağa sövq edir;
- Dəyərli məlumat. Siz həqiqətən də faydalı və dəyərli məlumat paylaşırsınız. Buna görə müştəri sizə minnətdardır və qarşılığında qeydiyyatdan keçir, xidmət və ya məhsulu alır;
- Yenilik. Yenilik həmişə maraq cəlb edir. İnsanlar yeniliyin nə olduğunu bilmək istəyir;
- “Nəhayət ki”. Bu başlıq insanın həyatını asanlaşdıracaq, çoxdan gözlənilən yenilik və ya təkmilləşmə barədədir;
- Həm də. Bu başlıq “daha kim”ə bənzəyir. Məhsuldan və ya xidmətdən həm də kimin istifadə etdiyini göstərir;
- Çünki. Az istifadə olunur, lakin yeri gəlir. Təxribat ruhu daşıyan başlıqdır;
- Əgər. Bu başlıq müştəriyə nəyi isə qaçırtdığını xəbər verir;
- Məsləhət. Hər hansı çətinliyi və ya ehtiyacı yaranan müştəri dəyərli məsləhəti həqiqətən qiymətləndirir;
- Şahidlik. Bu başlıq eyni vəziyyətdə olan oxucuda inam yaradır;
- Test. Bu oxucuya çağırışdır və onu mətni oxumağa həvəsləndirir;
- Bir söz. Bir sözdən ibarət başlıq konkret olmalı və vacib informasiyanı çatdırmalı, diqqəti cəlb etməlidir;
- İki söz. Əvvəlki bəndə bənzəyir. Adətən, başlığı açan yarımbaşlıqlarla işlədilir;
- Sual. Lazım olan məqama yönələn sual müştərinin ehtiyacına xitab edir. Əlbəttə ki, mətndə cavab verilməlidir;
- Rəqəmlər. Başlıqda konkretlik yaradır və dərhal müştəriyə nə qədər fayda götürəcəyini göstərir. Elə bu məqalənin başlığında olduğu kimi.
Mənbə: texterra.ru