Biznesdə “Kirpi konsepsiyası”

“Kirpi konsepsiyası” qurumların onları fərqləndirən, iqtisadi cəhətdən inkişafına istiqamətlənən və uğur faizinin artımını müəyyən etmək üçün istifadə olunan biznes modelidir. Həmçinin öz işini qurmaq istəyənlər üçün də faydalı vasitədir.

Qədim yunan atalar sözü belədir: “Tülkü çox şeyi bilər, kirpi isə əsas olanı”. Buna əsaslanan “Kirpi konsepsiyası” terminini biznes tədqiqatçısı və məsləhətçisi Cim Kollinz “Yaxşıdan mükəmmələ doğru” kitabında biznes üçün metafora kimi istifadə edib.

Bu ideyanın əsasını 3 sual təşkil edir:

  1. Nə ilə məşğul olmaq istəyirsiniz?

Hansı işi görmək əməkdaşlarınızı həvəsləndirir? Qurumunuzun məqsədi onları necə ruhlandırır? Yeni işçi seçəndə dəyərləriniz və motivasiyanız nə olur? Qurumunuzun nəyi yaxşı edə biləcəyini müəyyən etmək vacib məsələdir. Nə qədər təcrübəli olsanız belə, sahə seçimində edilən səhv gələcək inkişafınıza mane olacaq. Bu mövzunu düşünmək üçün müəyyən vaxt ayırın və əmin olun.

  1. Ən yaxşı nə etməyi bacarırsınız?

Qurumunuzun hanı sahədə ən yaxşısı olduğunu müəyyən etmək ona görə vacibdir ki, zəif olduğunuz tərəflər də üzə çıxsın. Zəif olduğunuz tərəf, sizin Kirpi konsepsiyanız ola bilməz. Zəif cəhətlərinizi nəzərdən keçirərkən dürüst olun və unutmayın ki, bəzi sahələrdə zəif olmaq olar. Əsas olan qurumunuzun nədə yaxşı ola biləcəyini başa düşüb, buna fokuslanmaqdır.

  1. İqtisadi modelinizin nəyə əsaslanır?

Güclü iqtisadi modelə sahib olmaq mənfəətə kömək edir. Buna görə də daimi gəliri təmin etmək üçün modeliniz olmalıdır. Gəlirlərinizi hesablamaq və modelinizi qurmaq üçün “İqtisadi məxrəc” yollarını seçə bilərsiniz :

  • Hər bir satışa görə qazanc məxrəci;
  • Hər bir işçiyə görə qazanc məxrəci;
  • Hər bir müştəriyə görə qazanc məxrəci;
  • Hər bir filiala görə qazanc məxrəci;
  • və s.