Əvvəlki bloq yazımda qeyd etdiyim kimi “Benchmarking” anlayışı qurum və ya prosesin bazarda baş verən müsbət dəyişikliklərə uyğunlaşmasına, həmçinin inkişafına dəstək olan vasitədir. Burada baş verən dəyişikliklərə biznes mühitinin davamlı inkişafı, rəqiblərin yenilikçi işləri və s. aiddir. Bu dəyişikliklərin yoxlanılması istiqamətində “Benchmarking”i beş əsas növə bölürlər:
1. Ümumi müqayisə
2. Performans müqayisəsi
3. Rəqabət müqayisəsi
4. Strateji müqayisə
5. Daxili müqayisə
1.Ümumi müqayisə: Qurumun/prosesin digər qurum/proseslə müqayisəsinin təhlili
Ümumi müqayisə, sahənizdən asılı olmayaraq digər qurumların əsas prosesləri və ya funksiyaları necə tətbiq etdiyininin müqayisəsini aparmaqdır. Bu sizə yeni perspektiv və düşüncə tərzi əldə etməyə kömək edir.
Belə müqayisə sisteminin üstünlüyü ondadır ki, sahəniz nə qədər fərqli olsa da fəaliyyət prosesinizi sizə uyğun istənilən qurumla/təşkilatla müqayisə edə bilərsiniz.
2. Performans müqayisəsi: Performans standartlarını təyin etmək üçün qurumun/prosesin təhlili:
Bu, adətən, qurumların fəaliyyətində boşluqları müəyyən etmək üçün atılan ilk addımdır.
Bunun üçün siz əvvəlcə əsas performans göstəricələrinizi bilməli və bu göstəricilərin həyata keçirilmə mərhələlərini araşdırmalısınız. Nəticədə, proses axınında yaranan zəiflikləri görür, bunun üçün həll yolları tapa bilirsiniz.
3. Rəqabət müqayisəsi: Qurumun/prosesin birbaşa seçilmiş rəqiblərlə müqayisəsinin təhlili
Bu, sizin qurumunuzun seçdiyi istiqamətdə ( prosesləriniz, məhsullarınız, xidmətləriniz və s.) aparılan və birbaşa rəqib qurumla olan müqayisənizi əhatə edir. Bu müqayisə nəticəsində siz zəif tərəflərinizi, üstünlüklərinizi görə, buna uyğun qurumun inkişaf planını hazır edə bilərsiniz.
4. Strateji müqayisə: Uğurlu şirkətlərin strategiya planlarının qiymətləndirilməsi prosesi
Dünyaca tanınan və uğur əldə etmiş təşkilatlar/qurumlar sizin yol göstərəniniz ola bilər. Bu müqayisə metodu ilə uğurla nəticələnmiş strategiyalarla tanış ola və qurumunuza gətirə biləcəyi üstünlükləri öz strategiyanıza əlavə edə bilərsiniz.
5. Daxili müqayisə: Qurum daxilindəki proseslərin müqayisəsinin təhlili
Daxili meyarların nəzərdən keçirilməsi, həyata keçirilə biləcək ən sərfəli və sadə meyarlardan biridir. Bu qurumlar üçün “gələcəyini qoru” sığortası da adlana bilər. Daxili müqayisə ilə siz uğurlu inkişaf yolunuzda yarana biləcək problemləri əvvəlcədən bilir və bunun qarşısının alınması istiqamətində strategiya planı hazırlayırsınız.