PR mütəxəssislərin tez-tez səsləndirdiyi fikirlərdən biri odur ki, “Uğursuzluqlar Uğurun anasıdır”. Buna görə də, qarşılaşdığınız çətinliklər və uğursuzluqlar sizi qorxutmalı deyil. Lakin, bəzən işlər çox yaxşı getdiyi halda belə, uğurların ardıcıl sıralandığı günlərdə çox yaxşı işinizdən ayrılmaq fikrinə düşürsünüz. Bu, doğru qərardırmı?
Gəlin, “The New York Times”da 9 il PR komandasında çalışan və gözəl günlərin birində şirkətdən ayrılmaq qərarına gələn Catherine Mathis-in təcrübəsini bölüşdüyü bloq yazısı ilə sizi tanış edək:
“Həyatdakı ən çətin qərarlardan biri nə vaxt işdən çıxacağına qərar verməkdir. İşinizi və komandanızı çox sevirsinizsə, vəziyyət daha da çətinləşir.
Mən, 2009-cu ildə belə bir qərar almalı oldum. “The New York Times”da artıq 9 il idi ki çalışırdım. Bu, mənim arzuladığım, lakin çox tələbkar və sınaqlarla dolu iş idi. Ərim məni “Böhran şahzadəsi” adlandırmağa başlamışdı. Qəzetin həbsdə olan, oğurlanan, plagiat edilən jurnalistləri vardı və bütün bu vəziyyətlərin həllinə çalışırdıq. Mən çətin vəziyyətin yaratdığı stimulu sevirdim.
Hətta, adrenalin faktorunu kənara qoysaq da, “The New York Times” işləmək üçün əla yerdir. Bu, böyük brenddir və sən bilirsən ki, kompaniya adından etdiyin bütün telefon zəngləri mütləq cavablandırılacaq.
Yalnız 2009-cu ildə ciddi maliyyə sıxıntıları yaşandı. Qəzet kağız nəşrdən elektron nəşrə keçid etməli oldu və biz bütün yaradıcılığımızı sərf edərək ən uyğun formada xərcləri azaltdıq. Jurnalistlərimiz də yeni bir halla üzləşmişdi və nəql etmənin elektron formasını kəşf edir, tətbiqinə öyrəşirdilər. Yenə də mən möhtəşəm komanda ilə işləyirdim, oradakı komanda üzvlərim sevdiyim insanlardır və onların hər birinə böyük hörmət bəsləyirəm.
Arzuladığın işi tərk etməlisənmi?
Niyə işdən çıxmalı?
Mən həddən artıq yorulmuşdum. İş fasiləsiz 24/7 davam edir, xəbər axını heç vaxt dayanmırdı.
Əlavə olaraq, mən burada inkişaf edə bilmirdim. Məncə, daha çox öyrənmək və yaradıcı düşüncənin formalaşması üçün hər kəsin işdə müəyyən imkanları olmalıdır. Burada isə özünüinkişafa ayıracaq vaxtın qalmırdı və bunun üçün olan resurslar çox məhdud idi.
Mən bu barədə ərim və dostlarımla söhbətlər aparırdım və hələ də sevdiyim işimdə qalaraq inkişafım üçün yollar axtarırdım. Lakin, alınan məsələ deyildi. Ətrafımdakıların da məsləhəti ilə mən anladım ki, iş və şəxsi həyatı balansda saxlaya biləcəyim yerdə olmalıyam. Mən həm də artıq media sahəsindən kənar bir sahəyə maraq göstərirdim və onu öyrənmək istəyirdim. Nəticədə, “The New York Times”dan ayrıldım. Standard & Poor’s şirkətində marketinq və kommunikasiya sahəsində çalışmağa başladım.
Bu, doğru qərar oldu. İşdən çıxacağımı “The New York Times”ın CEO-suna bildirəndə, ondan yeni işimdə mənə kömək olacaq məsləhət də istəmişdim. O isə mənə yeni işimdə daha az çalışmağı tövsiyə etdi. Adətən, CEO-lar belə məsləhət vermirlər.
Yeni sınaqlar
Faktiki olaraq, mən iş və şəxsi həyatımı tarazlaya bildim. Yeni işi və şirkəti öyrəndim və daha geniş komanda ilə çalışmağa başaldım. (The Times-da 11 nəfərlik komandam, burada 70 nəfərlik komandayla əvəzlənmişdi). Mən, hətta, menecerlərin baş meneceri vəzifəsinə də təyin olundum və bu mənə idarəetmə barədə çox şey öyrətdi.
Mən bu təcrübədən dərs aldım. Anladım ki, sən maraq göstərdiyin hər sahədə uğur qazana bilərsən və yalnız belə bir istəyin varsa, işi dəyişməyə dəyər. Əsla, çətinliklərdən və məsuliyyətdən qaçmaq üçün iş dəyişmək lazım deyil. Təbii ki, yeni sahəni və şirkəti öyrənməyin də çətinlikləri olacaq və vaxt tələb edəcək.
Yekunda, sevdiyiniz işdən ayrılmaq sizin verəcəyiniz qərardır. Hər kəsin həyatı özünəməxsusdur və hər kəsin vəziyyəti fərqlidir. Siz nə istədiyinizi və hara getdiyinizi aydın və qəti formada bilməlisiniz. Bu, sizin irəliləməyinizə kömək edəcək. Ən azından, mənim üçün faydalı oldu”.
Mənbə: prnewsonline.com